SİYASƏT
Milli Məclisdə Azərbaycan-Tailand əlaqələri müzakirə edilmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
V.Ələsgərov qonaqlara Azərbaycan haqqında məlumat verərək bildirmişdir ki, ölkəmiz qısa müddətdə bütün sahələrdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Artıq sərmayə yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilən Azərbaycan son on ildə iqtisadiyyatın artım tempinə görə dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir.
Azərbaycan-Tailand münasibətlərindən danışan V.Ələsgərov ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləmişdir. Vurğulanmışdır ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard 500 milyon dollara yaxın olmuşdur.
Milli Məclis sədrinin müavini iki ölkə arasında bütün sahələrdə mövcud əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsinə toxunun V.Ələsgərov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü demişdir.
Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Virun Pünsən ölkəmizdə müşahidə etdikləri inkişaf proseslərini yüksək qiymətləndirmiş, səmimiliyə və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.