MİLLİ MƏCLİSDƏ “BİOMETRİK İNFORMASİYA HAQQINDA” QANUN LAYİHƏSİ HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında “Biometrik informasiya haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirmişdir ki, “Biometrik informasiya haqqında” qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edəcək, bu sahədə münasibətləri tənzimləyəcəkdir.
Komissiya sədri belə bir qanun layihəsinin ölkədə ilk dəfə hazırlandığını və müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqəli olduğunu demişdir. Yeni anlayışlarla əhatəli olan qanun ictimai münasibətləri əhatə edir.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova biometrik informasiyanın, biometrik pasportların artıq bəzi dünya ölkələrində tətbiq olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu qanunun tələbinə əsasən, biometrik informasiyalar vahid bir mərkəzdə cəmlənəcəkdir.
Deputatlar vətəndaşların təhlükəsizliyi baxımından da sənədin əhəmiyyətli olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, biometrik informasiya sisteminin yaranması istiqamətində artıq ölkəmizdə müəyyən təcrübə vardır və onun məlumat bazası da formalaşmışdır.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
Sonra deputatlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi haqqında qanun layihəsini müzakirə etmişlər. Sənəddə göstərilir ki, yubiley medalı ilə 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, eləcə də silahlı qüvvələrdən ehtiyata, yaxud istefaya buraxılmış, silahlı qüvvələrin qurulmasında və möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif olunacaqlar.
İclasda “Yol hərəkəti haqqında”, Qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələri, eləcə də “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.