SİYASƏT
Milli Məclisdə Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun nümayəndə heyəti ilə görüş olmuşdur
Bakı, 24 fevral (AZƏRTAC, Aidə Quluzadə). Fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisində Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev iki ölkə arasındakı dostluq münasibətlərindən, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına verdiyi töhfədən, Azərbaycanın iqtisadi inkişafından, respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışmışdır.
R.Rzayev Azərbaycanın əsas probleminə - regionda təhlükəsizlik və Cənubi Qafqazın iqtisadi inkişafı üçün böyük təhdid mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, qonaqlara 22 il əvvəl erməni qəsbkarlarının törətdikləri Xocalı faciəsi haqqında məlumat vermişdir. O, bildirmişdir ki, artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi müvafiq sənədlərə məhəl qoymur.
R.Rzayev ölkələrimizin həmişə, bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləməsini dostluğumuzun, xalqlarımız arasında qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirmişdir.
Yanis Reyers iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıqdan, dostluq münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın rolundan danışmışdır.
Qonaq Azərbaycanın Latviyadakı diasporunun fəaliyyətindən məmnunluqla söhbət açmışdır. O, diasporun Xocalı faciəsi ilə bağlı təşkil etdiyi bir çox tədbirlərdə iştirak etdiyini demişdir. Qonaq qeyd etmişdir ki, hər bir gənc, hər bir yeniyetmə bu dəhşətli faciə haqqında məlumatlı olmalıdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.