MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası olmuşdur.
Komissiyanın sədri Eldar İbrahimov deputatları və əlaqədar nazirliklərin iclasa dəvət olunmuş nümayəndələrini gündəliklə tanış etmiş, üç məsələnin müzakirə olunacağını bildirmişdir.
Əvvəlcə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 5 iyun tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanunun layihəsi müzakirə olunmuşdur. Milli Məclisin iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov məlumat vermişdir ki, yeddi qanuna dəyişiklik etmək nəzərdə tutulmuşdur və bu dəyişikliklər müvafiq qanunlarda, əsasən, “istirahət” ifadəsinin “turizm”lə əvəz olunması ilə bağlıdır.
“Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” qanun layihəsinin də müzakirəsi çox çəkməmişdir. Layihədə səkkiz qanunda və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində “şərti maliyyə vahidi” sözlərinin konkret məbləğlə əvəz olunması təklif edilmişdir.
Hər iki layihənin Milli Məclisin iclasında müzakirəyə çıxarılması tövsiyə edilmişdir.
Deputatlar və iclasa dəvət olunmuş mütəxəssislər artıq birinci oxunuşda müzakirəyə çıxarılmış “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun layihəsinə daha böyük diqqət yetirmişlər.
Şahmərdan Kərimov bildirmişdir ki, Milli Məclisin iclasında birinci oxunuş zamanı deputatlardan çoxlu irad və təklif daxil olmuşdu. Onlar araşdırıldıqdan sonra bir çoxları nəzərə alınmışdır. Ümumiyyətlə layihənin 16 maddəsinə 130-dan artıq əlavə edilmişdir, sənədə 16 yeni müddəa əlavə olunmuş, 9 müddəa çıxarılmışdır.
Deputatlar Eldar Quliyev, Ərəstun Cavadov, Novruzəli Aslanov, Vidadi Məmmədov, Məjlum Şükürov, Kənd Təsərrüfatı, Ədliyyə, İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri layihə ilə bağlı rəylərini bildirmiş, təkliflərini səsləndirmişlər.
Qanun layihəsi Milli Məclisin ümumi iclasında ikinci oxunuşda müzakirə olunmaq üçün tövsiyə edilmişdir.