SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nın qış sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən danışmışdır
Strasburq, 29 yanvar (AZƏRTAC). Avropa Şurası Parlament Assamleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə Böyük Britaniyadan olan deputat David Daviesin rasizmə qarşı mübarizəyə dair məruzəsi ətrafında müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva Xocalı soyqırımından danışmışdır.
Q.Paşayeva demişdir ki, müzakirə olunan məsələ Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, nifrət duyğularının, dini dözümsüzlüyün artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və assambleya daha çox işlər görməlidir. Biz bu kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial və cinsi qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın bu məsələdə rolu böyükdür. Rasizm, nifrətin, dini dözümsüzlüyün artmasının qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini bu gündən dərk etməliyik.
Milli Məclisin deputatı daha sonra demişdir: “Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Bəlkə bu məruzəyə birbaşa aidiyyəti olmasa da rasizm və dini dözümsüzlüyün nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim məhz Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dini dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılmışdır. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirmiş, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər.
Ermənistan nümayəndə heyəti öz ölkəsində Avropa Şurasının bu qətnaməsinin yerinə yetirilməsi istiqamətində çalışmaqdansa, AŞPA-da deputatlara doğru olmayan məlumatlar verir. Burada çıxış edən ermənistanlı deputat Naira Zöhrabyan Azərbaycan ilə bağlı tamamilə yalan və böhtan dolu fikirlər səsləndirmişdir. Sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə baxmayaraq, bu gün sizin hər biriniz Azərbaycana səfəriniz zamanı ölkədə minlərlə erməninin yaşadığını görüb onlarla söhbət edə bilərsiniz. Onlar sizə əsl həqiqəti daha yaxşı söyləyərlər.
Amma Ermənistanda vəziyyət necədir? Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Çünki bütün azərbaycanlılar oradan qovulublar. Təəssüf edirəm ki, Ermənistandan olan həmkarlarımız assambleyada doğru olmayan məlumatlar yayırlar və bununla da gərginliyin daha da artmasına səbəb olurlar.
Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Çünki biz hesab edirik ki, rasizmin və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşəcəklər. Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində səylərimizi gücləndirməliyik”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq