SİYASƏT
Milli Məclisin deputatı Brüsseldə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 13 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 15-17-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəkdir.
Səfərin məqsədi Şuranın xarici QHT-lərə maliyyə yardımı çərçivəsində dəstək verdiyi “Avropa Yəhudi Birliyi” və “Ukrayna Yəhudilər Konqresi”nin “Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti” layihəsinin yekununa həsr olunan beynəlxalq konfransda iştirak etməkdir. Konfrans Avropa Yəhudi Parlamenti Baş Assambleyasının dəstəyi ilə Avropa Parlamentində təşkil olunacaqdır. Tədbirdə mövzuya aid qısa film nümayiş etdiriləcək və bir sıra məruzələr dinləniləcəkdir.
Səfər çərçivəsində Şuranın nümayəndə heyəti Avropa Komissiyasının Vətəndaş Cəmiyyəti və Yerli Hakimiyyət İdarəsinin rəhbəri Angelio Baglio ilə QHT sektorunun aktual məsələlərinə aid əməkdaşlıq məsələlərini müzakirə edəcəkdir. Həmçinin Şuranın əməkdaşlıq etdiyi bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə görüş keçiriləcək və icrada olan layihələr haqqında fikir mübadiləsi aparılacaqdır.