SİYASƏT
Milli Məclisin deputatları Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak edəcəklər
Bakı, 13 dekabr (AZƏRTAC). Milli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Musa Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün dekabrın 16-dan 20-dək Gürcüstanda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxt Tbilisi şəhərində keçiriləcək toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişikliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə ediləcəkdir.
Qurumda Azərbaycan nümayəndə heyətinin başçısı, QİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyevin “Qara dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxışı nəzərdə tutulur.