SİYASƏT
Milli Məclisin elm və təhsil komitəsi ilə Latviya Respublikası Seyminin nümayəndə heyəti arasında görüş keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC, Aidə Quluzadə). Fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin elm və təhsil komitəsinin üzvləri ilə Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun nümayəndə heyəti arasında görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə komitənin sədri Şəmsəddin Hacıyev Azərbaycan ilə Latviya arasındakı münasibətlərin qədim tarixindən danışmışdır. O bildirmişdir ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensial vardır.
Ş. Hacıyev məlumat vermişdir ki, hər bir ölkənin təhsil sistemi həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən əsas amillərdəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsildə çox sürətli inkişafa nail olunmuşdur. O, ölkəmizdə təhsil sahəsində aparılmış çoxşaxəli islahatlardan, təhsil proqramlarından, elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Komitə sədri qeyd etmişdir ki, bu gün təhsildə müşahidə edilən müsbət göstəricilər uzun illərdir aparılan islahatların, düzgün siyasətin nəticəsidir.
Latviyanın “Yaşıllar və kəndlilər ittifaqı” siyasi fraksiyasının deputatı Dana Reyznietse-Ozola Latviyanın təhsil sistemi haqqında məlumat vermiş, bu sahədə əldə olunmuş nailiyyətlər, mövcud problemlərdən danışmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.