MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ BOLQARISTANDA RƏSMİ SƏFƏRDƏDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 20-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşmüşdür.
Parlament nümayəndə heyətini səmimi salamlayan Bolqarıstan Prezidenti Azərbaycana səfərini xatırlatmış və ölkəsinə xoş təəssüratlarla qayıtdığını bildirmişdir. Georgi Pırvanov Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xoş təəssüratlarla yada salaraq aparılan danışıqların ölkələrimiz üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd etmişdir. Sonra Bolqarıstan Prezidenti Azərbaycanın dövlət başçısına səmimi salamlarını çatdırmağı xahiş etmişdir.
Georgi Pırvanov demişdir ki, onun ölkəsi Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük maraq göstərir. Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərinə böyük ümidlər bəsləyən G.Pırvanov ölkəsinin Avropa İttifaqının üzvü kimi Azərbaycana bu quruma inteqrasiyaya kömək etməyə hazır olduğunu vurğulamışdır. Bolqarıstan dövlətinin başçısı bildirmişdir ki, Avropa İttifaqı ölkələrinin başçıları ilə görüşlərdə Azərbaycandakı sürətli inkişaf barədə məlumat verilir.
“Avropa İttifaqında nümayəndəmiz var və Azərbaycanı maraqlandıran bütün məsələləri qurumda qaldırmağa və həll etməyə hazırıq”. Görüşdə bu fikri də Bolqarıstan Prezidenti demişdir. O qeyd etmişdir ki, Bolqarıstanda Azərbaycan mədəniyyətinə maraq yüksəkdir və əmindir ki, Azərbaycanda da bolqar mədəniyyətinə maraq böyükdür.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstan Prezidentinə çatdırmışdır. Parlamentin sədri qeyd etmişdir ki, Azərbaycan Avropada enerji istehsalı üzrə aparıcı yerdədir. Bundan əlavə, Xəzər qaz kəməri gündəmdədir, inanırıq ki, bu layihə yaxın zamanlarda reallaşacaqdır.
Azərbaycan parlamentinin sədri bildirmişdir ki, Bolqarıstanın “GUAM-ın dostluq qrupu”na üzv olması təqdirəlayiqdir. Bundan əlavə, Xəzəryanı dövlətlərin Parlament Assambleyasının yaradılması məsələsi də aktualdır. Azərbaycanın Avropaya inteqrasiya siyasəti yeritdiyini vurğulayan Milli Məclisin sədri bildirmişdir ki, bu məqsədlə ölkə qanunlarının Avropa qanunvericiliyinə uyğunlaşdırılması vacibdir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqına inteqrasiyasında Bolqarıstanın təcrübəsi bizim üçün çox önəmlidir.
Görüşün sonunda Oqtay Əsədov hər iki ölkənin qarşılıqlı maraqlarını nəzərə alaraq Azərbaycanda Bolqarıstan günlərinin keçirilməsini təklif etmişdir.
Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün Bolqarıstan parlamentində olmuşdur. Nümayəndə heyətini Bolqarıstan Milli Yığıncağının sədri Georgi Pirinski qarşılamışdır. Görüşdə G.Pirinski Azərbaycana səfərini xatırlatmış və Milli Məclis sədrini ölkəsində salamlamaqdan məmnun olduğunu vurğulamışdır. O, Avropa İttifaqına daxil olan ölkə kimi Bolqarıstanın öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirmişdir.
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə həyata keçirilən enerji layihələrindən söz açmışdır. Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafından danışan spiker Sofiya şəhərində “Bakı” adını daşıyan küçənin olmasını yüksək qiymətləndirmişdir. O.Əsədov bolqarıstanlı həmkarını Azərbaycan parlamentinin 90 illiyinə həsr olunan tədbirlərə dəvət etmişdir.
Görüşün sonunda parlament sədrləri birgə mətbuat konfransı keçirmiş və jurnalistlərin suallarını cavablandırmışlar.