REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinkasının növbəti dayanacağı Qəbələ olub VİDEO
Qəbələ, 18 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası Qəbələ rayon sakinlərinə dəmiryol vağzalında tibbi xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi aksiyanın keçirilməsində məqsəd sakinlərin göz xəstəlikləri ilə bağlı problemlərinin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə hasil olunur, müəyyən olunan xəstəliklərin müzakirəsi təşkil edilir və buna əsasən lazımi tədbirlər görülür. Ciddi göz xəstəliyi ilə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.
Qeyd edək ki, Səyyar Klinika sabah da Qəbələnin Dəmiryol Vağzalında vətəndaşlara təmənnasız xidmət göstərəcək.
Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Səyyar Klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən isə Dəmiryol Səyyar Klinikası da fəaliyyətə başlayıb. Səyyar Klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən yaşadıqları ərazilərdə müayinə və müalicə olunmasıdır.