Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada da yaşadılır
Naxçıvan, 5 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Qədim diyarımız Naxçıvanda duz istehsalına başlanılması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir.
Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu vardır. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb. Xüsusilə qoyunçuluğun inkişafı xalçaçılıq sənətinin formalaşmasında mühüm amil olub. Xalçaçılığın inkişafı isə boyaqxanaların yaranmasını zəruri edib, boyaqçılar bu torpaqda bitən gül-çiçəklərdən, ağac qabıqlarından istifadə edərək min illərin yadigarı olan və əlvanlığını itirməyən xalçalarımızın təbii rəngini alıblar.
Qədim diyarda əsrlərlə formalaşan xalçaçılıq ənənələri barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır. Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir”.
Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına öz töhfəsini verəcəkdir.
Muxtar respublikanın Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında bu gün daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda xalçaçılıq sənətinin bərpası və öyrənilməsi istiqamətində sistemli iş aparılır. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, 2010-cu ildə yeni bina ilə təmin olunması və internet saytının yaradılması bu sahədə görülən işlərin davamıdır. Muzeydə Naxçıvan xalçaçılıq məktəbinin 3 mindən artıq ən dəyərli nümunələri mühafizə və nümayiş olunmaqla yanaşı, həm də xalça toxunuşu həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb, yeni elmi araşdırmaların aparılmasına stimul verib. Bu sahədə görülən işlərin davamı olaraq nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb. “Naxçıvan xalçaçıları” kitabında 254 naxçıvanlı toxucu haqqında məlumatlar toplanıb. Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla da, qədim el sənətinin hərtərəfli araşdırılması və təbliği üçün geniş imkanlar açılıb. Dövlət proqramı Naxçıvan xalçaçılıq məktəbinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması, gənc xalçatoxuyanların yetişdirilməsi də diqqət mərkəzindədir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılıb, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlayıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında, eləcə də Sədərək Xalçatoxuma Müəssisəsində xalça toxunması təşkil olunub. Həmçinin 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi həyata keçirilir. Layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla müqavilələr bağlanılıb, onlara hana, ip və digər lazımi avadanlıq və materiallar verilərək evlərdə xalça toxunuşu təşkil edilib. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir.
Muxtar respublikada xalçaçılıq sənətinin inkişafı sahəsində görülən işlər və yaradılan şərait xalq tətbiqi sənətinin bu növünün daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılmasına imkan verir.
AZƏRTAC-ın Naxçıvan bürosu