ELM VƏ TƏHSİL
Milli təhsil tariximizdə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin özünəməxsus yeri və rolu olub
Bakı, 2 noyabr, AZƏRTAC
İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı simalarının, ziyalıların təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü il oktyabrın 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Həmin dövrdə erməni şovinizmi əhatəsində belə bir təhsil ocağının açılması naminə ziyalılarımız çox ağır və çətin mübarizə aparmışdılar. Texnikumun açılması sayəsində Azərbaycan məktəblərində müəllim kadrlara olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması işində ilk addım atıldı.
Texnikumun fəaliyyətinin ilkin dövründə Mehdi Kazımov direktor və rus dili müəllimi, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev təbiət müəllimi, Kərim Məhərrəmov isə texniki işlər üzrə köməkçi kimi fəaliyyət göstərmişdi. Texnikumda tədris prosesinə İrəvanın tanınmış qadın maarifçilərindən olan Bülbül Kazımova da cəlb edilmişdi. O, texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. Zəngin təcrübəyə malik olan bu fədakar kollektiv tükənməz enerji ilə fəaliyyətə başlamışdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya üzrə fəlsəfə doktorları - dosent Könül Həsənova və dosent Cəlal Allahverdiyevin “Tarixi təhsil ocağı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabında yer alıb.
Bu kitab Azərbaycan məktəbinin yaranması haqqında Ulu Öndər Heydər Əliyevin, İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları kimi tarixi torpaqlarımız haqqında Prezident İlham Əliyevin çox dəyərli fikirləri ilə başlanır. Həmçinin nəşrə Azərbaycan Prezidentinin İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd edilməsi haqqında 2006-cı il 29 dekabr tarixli Sərəncamının, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında 2021-ci il 29 dekabr tarixli Sərəncamının mətnləri daxil edilib. Müəlliflərin fikrincə, bu sənədlər Qərbi Azərbaycanda ədəbi və milli maarifçilik mühitinin dərindən araşdırılması baxımından aktuallıq kəsb etməklə yanaşı, təhsil tariximizin ümumiləşdirilmiş və kompleks şəkildə öyrənilməsinə xidmət edir, bu sahədəki məsələlərin öyrənilməsini aktual problem kimi qarşıya qoyur və sistemləşdirməyə imkan verir. Bu baxımdan milli təhsil tariximizdə özünəməxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi də istisna deyil.
Kitabda 1924-1948-ci illərdə İrəvanda fəaliyyət göstərmiş, milli məktəblərimiz üçün pedaqoji kadrların hazırlanmasında müstəsna xidmətləri olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaranmasından, onun keçdiyi çətin və şərəfli tarixi yoldan, görkəmli məzunlarından bəhs edilir.
Ön sözdə pedaqoji elmləri doktoru, professor İntiqam Cəbrayılov kitabı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin şərəfli yolu haqqında qiymətli tədqiqat əsəri kimi dəyərləndirir. Kitabın bölmələrindən biri “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda Azərbaycan ədəbi-mədəni mühiti yeni paradiqma işığında” adlandırılıb. Müəlliflər müxtəlif elmi mənbələr, şəxsi arxiv materiallarından əldə etdikləri məlumatlar əsasında Mirzə Hüseyn Ağa, Mirzə Cabbar Əsgərzadə, Axund Məmmədbağır Qazızadə, Mirzə Cabbar Məmmədzadə, Cəfər bəy Cəfərbəyov, İbadulla bəy Muğanlinski, Abbas Ağa Fərəcov, Abbas Razi Məmmədzadə, Mirzə Hüseyn Həsənzadə İrəvani, Tərlan xanım Sultanova, Mirməhəmməd Mirfətullayev və digər görkəmli ədəbiyyat və maarif xadimlərinin İrəvanın ədəbi-mədəni həyatında rol oynadıqlarını qeyd ediblər. Tarixşünaslıq materialları təsdiq edir ki, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Haşım bəy Vəzirov, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Həmid bəy Şahtaxtinski, Abdulla Şaiq, Bəkir Çobanzadə və digər görkəmli şair və yazıçılarımız, maarif xadimlərimiz, həqiqətən, İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndələri ilə nəinki sadəcə tanış olmuş, onlar arasındakı yaxın dostluq və yaradıcılıq əlaqələri həmişə nümunə kimi göstərilmişdir.
Əsərin “İrəvanda azərbaycanlı pedaqoji kadrların hazırlanmasında ilk addımlar (1922-1924)” bölməsində müəlliflər İrəvan şəhərinin 1918-1920-ci illər tarixinə nəzərə salır, erməni daşnaklarının türk-müsəlmanlara, azərbaycanlılara qarşı törətdikləri soyqırımları diqqətə çatdırır, azərbaycanlılar yaşayan məhəllələrin vəhşicəsinə yandırılaraq, dağıdılaraq məhv edildiyini və təkcə İrəvan şəhərində 14 min nəfərdən çox azərbaycanlının qətlə yetirildiyini əsaslı fakt olaraq qeyd edirlər. Bu da tarixi bir faktdır ki, təkcə İrəvan şəhərində deyil, azərbaycanlılar yaşayan bütün bölgələrdə (Üçmüədzin, Zəngibasar, Ağbaba, Vedibasar, Qəmərli, Basarkeçər, Zəngəzur, Dərələyəz, Allahverdi və s.) azərbaycanlılar erməni vandalizminin qurbanı olublar. Belə bir ağır vəziyyətdə də İrəvan ziyalıları milli maarifçilik uğrunda mübarizə aparıb, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması üçün məktəb işinə, təhsilə böyük önəm verib, gəncləri milli ruhda tərbiyə etməyə çalışıblar. Kitabda İrəvan Azərbaycanlı Pedaqoji Məktəbini bitirmiş 240-dan artıq məzunun və İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun Xanlar Pedaqoji Məktəbinə köçürülən 180 tələbənin siyahısı verilib və bu siyahının tam olmadığı qeyd edilib. Əlbəttə, bu istiqamətdə yeni-yeni araşdırmalar aparılacaq və Qərbi Azərbaycan tarixinin yeni səhifələri öyrəniləcək.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, məsləhətçilər iqtisad elmləri doktoru, professor Vahid Novruzov, siyasi elmlər doktoru, professor Hikmət Babaoğludur. Rəyçilər professorlar Müseyib İlyasov, İntiqam Cəbrayılov, Piralı Əliyev, Elman Quliyevdir.