“Milliyet” qəzeti: Fransa terrorçuları Suriya üzrə konfransın iştirakçıları siyahısından çıxarıb və bu məsələdə Türkiyənin mövqeyini nəzərə alıb

Ankara, 14 fevral, AZƏRTAC
Fransa YPG (PKK terrorçularının Suriya qanadı - AZƏRTAC) ilə əlaqəli qrupların nümayəndələrini Parisdə Suriya üzrə Beynəlxalq Konfransın iştirakçıları siyahısından çıxarmaqla Türkiyənin mövqeyini nəzərə alıb.
Bu barədə cümə günü, fevralın 14-də “Milliyet” qəzetin də dərc olunan məqalədə bildirilir. Nəşrin yazdığına görə, Fransanın paytaxtında keçirilən müzakirələrdə Ankaranı xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib.
Məqalədə qeyd olunur ki, Parisdə keçirilən Suriya konfransı 2024-cü il dekabrın 14-də İordaniyada və bu il yanvarın 12-də Səudiyyə Ərəbistanında təşkil olunmuş müzakirələrin məntiqi davamı olub.
Nəşr Fransa rəsmilərinin, xüsusən də xarici işlər naziri Jan-Noel Barronun konfrans ərəfəsində “kürd qrupları”nı konfransa dəvət etmək planlarını açıqlayan bəyanatlarını xatırladıb. “Onlar çox güman ki, YPG terrorçularına və qondarma Suriya Demokratik Qüvvələrinə yaxın qruplardan danışırdılar. Lakin Parisdə son nəticədə terrorçuları müzakirələrdə iştirak edənlərin siyahısına salmamaq qərarına gəliblər. Nəticədə Türkiyə xarici işlər nazirinin müavini Parisdəki konfransda iştirak edib”, - deyə yazıda bildirilir.
N.Yılmaz çıxışında Ankaranın Suriya ərazisini terrorçulardan tamamilə təmizləmək əzmində olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, qonşu ölkənin bütün təbii sərvətləri, o cümlədən Suriyanın şimal-şərqində olan resurslar suriyalıların xeyrinə istifadə edilməli və rəsmi Dəməşqin nəzarətində olmalıdır.
Konfrans iştirakçıları Suriyaya humanitar yardımın çatdırılmasında bütün maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Onlar Dəməşqə qarşı sanksiyaların aradan qaldırılmasına çağırıblar ki, bu da həmin ölkədə, xüsusilə enerji, nəqliyyat və təhsil sahələrində həyatın normallaşmasına töhfə verəcək.
Tədbirdə qaçqınların Suriyaya könüllü və təhlükəsiz qayıdışının təmin edilməsinin zəruriliyi də qeyd olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara