CƏMİYYƏT
Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədqiqat Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi "Mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək" layihəsi çərçivəsində aparılıb.
AMZA-nın sədri Rey Kərimoğlu bildirib ki, layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərərçəkmiş şəxslərin 11 rayon və şəhərdə siyahısı müəyyənləşdirilib, "İnformasiyanın idarə edilməsi sistemi" üzrə sorğular keçirilib. Layihənin icrası və "Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat", "Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi" adlı anketlərin doldurulması üçün minadan zərərçəkən 866 nəfər sorğulara cəlb olunaraq, toplanmış materiallar təhlil edilib.
Bu məlumatlardan mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə proqramların hazırlanması üçün istifadə oluna bilər.
Daha sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib.
BMTİP-in regional ofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariq tədqiqatı yüksək qiymətləndirib, həmçinin Azərbaycanın mina probleminin aktuallığı və problemin aradan qaldırılması yolunda beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
BAMF prezidenti Umud Mirzəyev minadan zərərçəkmişlərin problemlərinin həllində dövlət qurumları və qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.
Sonra UNICEF-in Fövqəladə Hallar və PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, minadan zərərçəkən, ANAMA yanında İctimai Şuranın üzvü Hafiz Əzimzadə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyev, TƏBİB-in əməkdaşı Elşad Əliyev və digərləri çıxış ediblər.