Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib



Bakı, 29 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Yaradıcı sənayelər narkomaniyaya qarşı” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri, kollecin direktoru, Gəncə Regional Narkotiklərlə Mübarizə İdarəsinin və digər ictimai birliklərin nümayəndələri çıxış edərək, narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.