CƏMİYYƏT
Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirmə tədbiri keçirilib


Bakı, 3 mart, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir şəhər nümayəndəliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumat veriblər.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.