SİYASƏT
Mingəçevir və Belarusun Polotsk şəhəri qardaşlaşmış şəhərlərdir
Minsk, 26 may (AZƏRTAC). Polotsk şəhərinin 1150 illiyi münasibəti ilə keçirilən bayram tədbirləri çərçivəsində Belarusun bu qədim şəhəri ilə Mingəçevir arasında birgə bəyanat imzalanmışdır.
İki şəhər arasında münasibətlərdə biznes əlaqələrinin qurulmasına, ticarətin və turizmin inkişafına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa və mübadiləyə üstünlük veriləcəkdir.
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Yusubov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Polotskın gözəlliyi və qonaqpərvərliyi Azərbaycan nümayəndə heyətini heyran etmişdir. O əmin olduğunu bildirmişdir ki, iki şəhər arasında dostluq əlaqələri qarşılıqlı anlaşmaya və regional səviyyədə Azərbaycan-Belarus əməkdaşlığının bundan sonra da inkişafına kömək edəcəkdir.
Polotsk şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Poznyak bildirmişdir ki, 1150 illik tarixi olan Polotskda müxtəlif ölkələr və xalqlarla dostluq münasibətlərinin qurulmasına mühüm əhəmiyyət verir.
O demişdir: “Şəhərlərimiz arasında mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələr inkişaf edəcəkdir, çünki bunun üçün qarşılıqlı meyil və maraq vardır”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk