Mingəçevirdə akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Mingəçevir, 27 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və səmimi bir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik, Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında keçirilən konfransda səsləndirilib.
Tədbirdə Mingəçevir şəhər “Tələbə” poliklinikasının baş həkimi, YAP şəhər təşkilatının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurcamal Məmmədova çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi istiqamətində bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.
Mingəçevir şəhər 13 saylı orta məktəbin direktoru Tünzalə Əfəndiyeva, 10 saylı orta məktəbin direktoru Xumarə Mikayılova Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər. Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub, məktəblilər şeir söyləyiblər.