Mingəçevirdə “ASAN Həyat Şənliyi”
Mingəçevir, 19 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Martın 19-da Mingəçevir şəhərindəki “ASAN Həyat” kompleksində Novruz şənliyi təşkil olunub. Mingəçevir Şəhər İcra Hakimiyyəti, “ASAN Xidmət” və “Park Cinema”nın birgə təşkilatçılığı, “ASAN Radio” və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik iştirakçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN Həyat Şənliyi” şüarı altında keçirilən konsert proqramında tanınmış musiqiçilərin ifasında şux mahnılar səsləndirilib. Bayram mərasiminin təşkilatçıları Mingəçevir sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Milli paltar geyinmiş oğlan və qızlar tonqal ətrafında “Yallı” gediblər. Bayram tədbirində şəhərin bədii özfəaliyyət kollektivlərinin, rəqs qruplarının, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb. Konsert proqramı axşam saatlarına qədər davam edib. Konsertdə yerli müğənnilərin də rəngarəng çıxışları olub.
Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksi “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektləri olan kinoteatr, “ASAN Peşə” və “ASAN Kafe”ni özündə birləşdirir. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 mindən çox vətəndaşa xidmət göstərən Mingəçevir “ASAN Həyat” kompleksi ölkəmizdə fəaliyyət göstərən sayca 13-cü regional qurumdur. Onlardan 5-i Bakıda, digər 8-i isə regionlarda - Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevirdə yerləşir.