MİNGƏÇEVİRDƏ İKT-NİN İNKİŞAFI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) mayın 24-də Mingəçevirdə informasiya texnologiyaları ekspertlərinin iştirakı ilə seminar keçirmişdir. Tədbirin məqsədi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişaf etdirilməsi, bu sahə üzrə əhalinin maarifləndirilməsidir.
Tədbirdə informatika müəllimləri, dövlət orqanlarının informasiya texnologiyaları mütəxəssisləri, eləcədə Mingəçevir, Yevlax, Goranboy, Tərtər, Bərdə, Ucar, Göyçay və Ağdaş rayonlarının poçt şöbələrinin nümayəndələri iştirak etmişlər.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, seminarda ölkədə formalaşan informasiya cəmiyyəti, elektron hökumət, elektron imza, elektron ticarət, İKT-nin təhsildə tətbiqi barədə məruzələr oxunmuşdur. İştirakçılar Azərbaycanda bu sahədə həyata keçirilən layihələr barədə məlumatlandırılmışlar.
Qeyd edək ki, seminarlar bundan əvvəl Quba, Lənkəran, Tərtər və Naxçıvanda təşkil olunmuşdur.