ELM VƏ TƏHSİL
Mingəçevirdə “Xəmsə” milli intellektual oyunu üzrə zona seçim mərhələsi keçirilmişdir
Mingəçevir, 15 aprel (AZƏRTAC). Mingəçevir Politexnik İnstitutunda gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə VI Azərbaycan çempionatının zona seçim mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edənlər bildirmişlər ki, “Xəmsə” milli intellektual oyununun əsas məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, aralarında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Ölkə çempionatının zona seçim turunda 16 şəhər və rayondan yaşı 18-dən 29-dək olan 120 gənc bilik-bacarığını və intellektual səviyyəsini sınamışdır. Yarışda Şirvan şəhərinin komandası I, beyləqanlı gənclər II, Hacıqabul və Ağdaş komandaları isə müvafiq olaraq III-IV yeri tutmuşlar. Bu komandalar yarışın Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.