Mirzə Şəfi Vazehin 225 illiyinə həsr olunmuş konfrans keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Mirzə Şəfi Vazehin ev-muzeyində böyük mütəfəkkir şair Mirzə Şəfi Vazehin 225 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq M.Ş.Vazeh haqqında geniş məlumat verib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev çıxışında Mirzə Şəfi ilə alman filosofu və şairi Bodenşteynin qırılmaz dostluq əlaqələrindən söhbət açıb. Bildirib ki, Almaniyada Bodenşteynin heykəli ucaldılıb və onun əlində tutduğu kitabda Mirzə Şəfi Vazehin adı yazılıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri Xanım Zahirova, Bakı Slavyan Universitetinin müəllimi Murad Muradov, AYB-nin üzvü, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli, Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, şair Zahir Şirani çıxış edərək Mirzə Şəfi Vazeh yaradıcılığının bənzərsizliyindən danışıblar.
Konfransdan sonra Mirzə Şəfi Vazehin ev-muzeyinə baxış keçirilib və xatirə şəkilləri çəkilib.