MİSİR AZƏRBAYCANLA İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİNİN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİNDƏ MARAQLIDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 13-də nazir Heydər Babayev Misir Ərəb Respublikası xarici işlər nazirinin müavini Rəmzi Əzzəldin Rəmzi ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.
Heydər Babayev bildirmişdir ki, Azərbaycan-Misir əlaqələri din və mədəniyyətin yaxınlığı baxımından tarixi köklərə söykənir və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində 2002-ci ildən fəaliyyət göstərən Azərbaycan-Misir Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Bununla belə, Azərbaycan və Misir arasında ticarət dövriyyəsinin həcmi arzuolunan səviyyədə deyil və iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Bu günə qədər Azərbaycan və Misir arasında imzalanmış hökumətlərarası sənədlərin yaratdığı imkanlardan istifadə edərək iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirmək mümkündür.
Nazir ölkəmizin başçısının “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) fəaliyyəti barədə də məlumat vermiş və qeyd etmişdir ki, AİŞ ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşısına qoyulmuş vəzifələri fəal icra edir. Şirkətin fəaliyyət dairəsinin genişləndirilməsi üçün gələcəkdə şirkətin xarici ölkələrdə həyata keçirilən layihələrdə də iştirakı nəzərdə tutulur. Bu məsələnin reallaşacağı təqdirdə qurum Misirdə həyata keçirilən layihələrdə də iştirak edə bilər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rəmzi Əzzəldin Rəmzi son illər ərzində Azərbaycanda əldə olunan uğurların ölkəsinin diqqət mərkəzində olduğunu, Misirin Azərbaycanla iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyini bildirmişdir. Nazir müavini qeyd etmişdir ki, ölkəsi Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır və əməkdaşlığın genişləndirilməsi üçün hər cür dəstək göstərməyə hazırdır. Misir Azərbaycanla əczaçılıq, qida sənayesi, yük daşımaları və s. sahələrdə əməkdaşlıq edə bilər.
Görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi iştirak etmişdir.