Misir və Fransa prezidentləri əməkdaşlığın möhkəmləndiyini bəyan ediblər
Qahirə, 28 yanvar, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fransa Prezidenti Emmanuel Makron Qahirədə birgə mətbuat konfransında bəyan ediblər ki, iki ölkəni möhkəm tarixi münasibətlər birləşdirir. Onlar bildiriblər ki, danışıqlar zamanı bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi barədə razılaşma əldə olunub, terrorizmə qarşı mübarizə, Liviyada vəziyyət, bu ölkədə milli həmrəyliyi və sabitliyi təmin etməyə yönəldilən səylər və bir sıra digər məsələlər müzakirə olunub.
Fransa Prezidenti deyib ki, Misirdə insan hüquqlarının vəziyyəti barədə bu ölkənin lideri ilə ətraflı söhbəti olub. Məsələn, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və internet resurslarının blok edilməsi məsələləri müzakirə edilib. Emmanuel Makron QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin daha tarazlı olmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, Misirdə dini etiqad azadlığı ilə bağlı vəziyyəti və Misir Prezident Əbdülfəttah əs-Sisinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Fransa lideri xüsusi vurğulayıb ki, onun ölkəsi də, Misir də terrorizmlə üzləşiblər. O qeyd edib ki, yekdil cəmiyyət terrorizmə qarşı ən yaxşı vasitədir. Prezident vurğulayıb: “Fransa və Misir terrorizmə məruz qalıblar. Təhlükəsizliyə nail olmaq istiqamətində görülən işlər insan hüquqlarına hörmət məsələsinin ayrılmaz tərkib hissəsidir”.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi mətbuat konfransında bildirib ki, Misirdə insan hüquqları bütöv bir məfhumdur və təkcə fikir azadlığı ilə məhdudlaşdırıla bilməz. Onun sözlərinə görə, ictimai təşkilatlar ölkənin üzləşdiyi mürəkkəb şəraitdə cəmiyyətdə mühüm rol oynayırlar. “Biz onları dinləməliyik”, - deyən Misir lideri vurğulayıb ki, hazırda ölkədə öz vəzifələrinin öhdəsindən gözəl gələn 45 min ictimai təşkilat fəaliyyət göstərir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə