SİYASƏT
Misirin nüfuzlu “Əl-Aləm Əl-Yaum” qəzetində Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs edən məqalə dərc olunmuşdur
Əmman, 28 yanvar (AZƏRTAC). Misirin nüfuzlu “Əl-Aləm Əl-Yaum” qəzetində jurnalist Nasir Hüseynin “Azərbaycan investisiyaların cəlb edilməsi baxımından iqtisadi cazibə məkanına çevrilir” başlıqlı məqaləsi dərc edilmişdir.
N.Hüseyn məqaləsində Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən regionda önəmli ölkəyə və strateji tərəfdaşa çevrildiyini qeyd etmiş, bir çox xarici ölkələrə investisiya qoyduğunu vurğulamışdır. Azərbaycanda yüksək templə inkişaf edən sahələrdən birinin rabitə və texnologiyalar sahəsi olduğunu vurğulayan müəllif “Azərspace 1” peykinin fəzaya buraxılmasını tarixi hadisə kimi qiymətləndirmiş, ölkədə çoxlu sayda böyük sənaye müəssisələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
N.Hüseyn Azərbaycan hökumətinin ötən 10 il ərzində həyata keçirdiyi islahatlardan, iqtisadi sahədə əldə etdiyi nailiyyətlərindən söz açmış və bütün bunların əsas səbəbi kimi daxili siyasi sabitliyin təmin olunmasını göstərmişdir. O, qazanılmış uğurların dövlətin iqtisadi qüdrətinin artması və xarici asılılığın tamamilə aradan qalxması ilə əlaqələndirmişdir.
Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı, qeyri-neft sektorunun da inkişafından bəhs edən müəllif artıq xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatlar nəticəsində qeyri-neft sektorunda 2,7 dəfə real artımın olduğunu, ötən 10 il ərzində açılan yeni iş yerlərinin 90 faizdən çoxunun bu sektorun payına düşdüyünü qeyd etmişdir.
Turizm sektorunun inkişafına toxunan N.Hüseyn bu istiqamətdə həyata keçirilən dövlət proqramları, yatırılan investisiyalar haqqında da ətraflı məlumat vermiş, 2012-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyondan çox olduğunu bildirmişdir.
Məqalədə bir sıra müqayisələr aparılmış və diqqətə çatdırılmışdır ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər 69 milyon manat təşkil etdiyi halda, 2013-cü ildə bu xərclər 666,3 milyon manatı ötmüşdür. Təhsilə ayrılan xərclər isə 2003-cü ildəki 243 milyon manatdan 1,5 milyard manatadək artmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman