Misirli jurnalist ərəb dövlətlərini Azərbaycanın haqq işini daha fəal müdafiə etməyə çağırıb

Qahirə, 2 oktyabr, AZƏRTAC
Misirin “Embassies.com” saytında tanınmış tədqiqatçı-jurnalist Məhəmməd Səlamənin “Azərbaycan və Ermənistan arasındakı müharibədə qüsurlu balanslaşdırma siyasəti” sərlövhəli məqaləsi yer alıb.
AZƏRTAC xəbər verir ki, M.Səlamə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı müqəddəs Vətən müharibəsində Türkiyənin verdiyi birmənalı dəstəyin bəzi dövlətləri narahat etməsinin təəccüb doğurduğunu diqqətə çatdırıb. O yazıb: “Biz hesab edirdik ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qəbul etdiyi qərarlar ən azından dünya dövlətlərini hərəkətə gətirəcək, həmin ölkələr qəbul olunmuş qətnamə və qərarlara bağlılıqlarını nümayiş etdirəcəklər”.
Misirli jurnalist qeyd edib ki, bu gün əksər dünya dövlətlərinin nümayiş etdirdiyi davranış, əslində, balanslaşdırma siyasəti deyil, əksinə, öz torpaqlarını azad etmək, işğalçı dövlətin təxribatlarının qarşını almaq haqqını tanıyan BMT-nin prinsiplərindən imtina etməkdir. Belə qüsurlu balanslaşdırma siyasətinin həmin ölkələrə fayda verməyəcəyini qeyd edən jurnalist bildirib ki, bu gün onların Azərbaycanla bağlı sərgilədikləri biganə mövqe gələcəkdə həmin dövlətlər üçün bumeranq effekti verə bilər.
Türkiyənin nümayiş etdirdiyi dəstək və mövqeyə gəlincə, jurnalist bu yanaşmanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, eyni zamanda, Pakistan, Ukrayna, Əfqanıstan və sair ölkələrin də Azərbaycanın haqq işini müdafiə etdiklərini diqqətə çatdırıb.
M.Səlamə ərəb dövlətlərini də açıq mövqe nümayiş etdirməyə səsləyərək, işğalçı ilə işğala məruz qalan arasında qüsurlu balanslaşdırılmış siyasət aparmaqdan çəkinməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə