CƏMİYYƏT
Misirli qonaq: COP29-un əsas mövzusu maliyyə olduğu üçün danışıqlar məni daha çox maraqlandırır
Bakı, 22 noyabr, AZƏRTAC
“Bu, mənim iştirak etdiyim sayca üçüncü COP-dur. Azərbaycan COP29-u çox yaxşı və planlı bir şəkildə təşkil edib. COP29-un əsas mövzusu maliyyə olduğu üçün danışıqlar məni daha çox maraqlandırır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Misirin İqtisadiyyat və Siyasi Elmlər Universitetinin müəllim assistenti Hania Səlim deyib.
O bildirib ki, Misir hazırda ən həssas ölkələri dəstəkləmək üçün çox şey edir.
“Bizim urbanizasiya ilə bağlı çoxlu təşəbbüsümüz var. İndi daha təmiz nəqliyyatdan istifadə edirik”, - deyə o qeyd edib.
Hania Səlimin sözlərinə görə, Misirdə bərpaolunan enerji üçün bütün mənbələr var: “Ancaq bərpaolunan enerjidən istifadə edərkən qarşımızda duran ən böyük problem, kifayət qədər texniki kadrımızın və eyni zamanda, kifayət qədər maliyyə vəsaitimizin olmamasıdır. Bildiyiniz kimi, bərpaolunan enerjinin həyata keçirilməsi çox baha başa gəlir”.
O əlavə edib ki, Misirdə, eyni zamanda, su qıtlığı var.
“Biz su qıtlığı ilə üz-üzəyik. Su qıtlığı yaşadığımız üçün ərzaq təhlükəsizliyi problemimiz var”, - deyə o fikirlərini yekunlaşdırıb.