CƏMİYYƏT
Mixail Qusman: Azərbaycan Vətən müharibəsində təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında qələbə qazandı
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan 2020-ci ilin payızında hibrid müharibənin bütün istiqamətlərində - siyasi, diplomatik müstəvidə və informasiya məkanında qələbə qazandı.
Bu fikirləri AZƏRTAC-ın kollektivi ilə görüşdə TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, Əməkdar jurnalist Mixail Qusman deyib.
“Mən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin təkcə müharibənin düzgün strategiyasını müəyyənləşdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, siyasi-diplomatik strategiyanı həyata keçirən dövlət başçısı kimi deyil, həm də informasiya müharibəsində Ali Baş Komandan kimi mühüm rolunu qeyd etmək istəyirəm. O, 44 gün ərzində ən müxtəlif kütləvi informasiya vasitələrinə, səhv etmirəmsə, 35 müsahibə verib. Azərbaycan Prezidenti bütün dünya ilə danışırdı və bu, onun şüurlu seçimi idi. O, haqq sözünün, dəqiq informasiyanın çatdırılmasının vacibliyini başa düşürdü, çünki onun müsahibəsi o xəbəri çatdıran ən nüfuzlu profilin informasiya ismarışları idi ki, ondan başqa heç kim bu xəbəri formalaşdıra və dürüst ifadə edə, belə dəqiq çatdıra bilməzdi”, - deyə Mixail Qusman vurğulayıb.
Bununla bağlı o əlavə edib ki, müharibənin hərbi hissəsi başa çatıb və xoşbəxtlikdən Azərbaycanın Qələbəsi ilə yekunlaşıb. Lakin informasiya müharibəsi və ümumiyyətlə informasiya müharibələri heç vaxt bitmir. Onlar səngiyir, qapalı formata keçir, digər forma alır, lakin mahiyyətcə, həmişə gedir. Bu mənada əgər hərbçilər müharibədən sonra kazarmalara qayıda bilirlərsə, informasiya müharibəsinin iştirakçıları isə “döyüş meydanı”nı heç vaxt tərk etmirlər. Mixail Qusmanın sözlərinə görə, bu mənada xüsusi elitanı xəbər hazırlayıb yayan jurnalistlər təşkil edir. Onlar medianın daim öndə olan “xüsusi təyinatlılarıdır”. Onların vəzifəsi təkcə rəqibin hücumlarını dəf etmək deyil, həm də özlərinin hücuma keçməsidir.
İnformasiya agentliklərinin qarşısındakı müasir çağırışlardan danışan TASS agentliyinin baş direktorunun birinci müavini deyib ki, mütəxəssislərin proqnozlarına əsasən, kütləvi informasiyanın rəqəmsal mənbələri öz inkişafına görə, məhz gəlirlərin həcminə görə ənənəvi mənbələrini 2030-cu ilədək üstələməli idi. Lakin 2020-ci ildə dünya rəqəmsal kütləvi informasiya vasitələrinin gəlirləri ənənəvi medianı 15 faiz üstələyib. Eyni zamanda, ənənəvi KİV öz aktuallığını itirməyib. Mixail Qusman buna ən parlaq misal kimi, rəqəmsal texnologiyalarla bağlı problemi olmayan, lakin insanların hələ də çap nəşrləri aldığı və oxuduğu Yaponiya və ABŞ-ı göstərib. Bunu auditoriyanın vərdişi və ənənəvi KİV-in yoxlanılmış informasiya qismində qəbul edilməsi ilə əlaqələndirərək əminliyini bildirib ki, peşəkarlığa, keyfiyyətə, öz işinə görə məsuliyyətə həmişə tələbat olacaq.
Mixail Qusman, həmçinin qeyd edib ki, statistikaya görə, müxtəlif növ xəbər ilə - siyasi, sosial, mədəniyyət xəbərləri ilə maraqlanan insanların 70 faizi onu öz telefonları vasitəsilə alır. Odur ki, aparıcı ənənəvi agentliklər texnologiyalara üz tutmalıdırlar və artıq üz tuturlar. Bu agentliklər informasiya istehlakçılarına daha yaxın olmalıdırlar, onların dəqiq, hərtərəfli, keyfiyyətli informasiyaya əlçatanlığını asanlaşdırmalıdırlar.
Rusiyanın Əməkdar jurnalisti, həmçinin feyk xəbərlər mövzusuna toxunaraq qeyd edib ki, bu termin altında müəyyən təsəvvür formalaşdıran informasiyanın cəmiyyətə şüurlu şəkildə yeridilməsi başa düşülməlidir. Bu proses informasiya müharibələrinin bir hissəsidir və onun arxasında bütöv dövlətlər dayana bilər.
Rusiya jurnalistinin sözlərinə görə, belə hallarda xəbər agentlikləri qarşısında dilemma durur: “Müasir informasiya agentlikləri bu gün çətin yolayrıcındadır - onlar bir tərəfdən informasiyanı birinci ötürmək məqsədilə sürətə, qabaqlamağa işləyirlər, digər tərəfdən də yalan xəbərin girovuna çevrilməmək çox mühümdür. Burada sual yaranır: sürət və mötəbərliyi necə birləşdirməli? Axı dezinformasiyanın müəyyən edilməsi bəzən çox vaxt aparır. Fikrimcə, bu gün informasiyanın dəqiqliyi və mötəbərliyi sürətdən daha çox vacibdir”.
“Dezinformasiyaya qarşı mübarizə peşəkar agentliklərin birinci vəzifəsidir və burada isə silah dəqiq, mötəbər informasiyadır. Bundan güclü silah yoxdur!”, - deyə Mixail Qusman vurğulayıb.