Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir
Bakı, 22 may, AZƏRTAC
Mən Münxen Təhlükəsizlik Konfransında və Davos Forumunda da iştirak etmişəm. Tam səmimiyyətlə deməliyəm ki, Qlobal Bakı Forumunda dostluq, qarşılıqlı anlaşma, açıqlıq və müsbət yanaşma ilə zəngin olan çox spesifik bir atmosfer mövcuddur. Ən vacib məqam məhz bu müsbət yanaşmadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bosniya və Herseqovina Rəyasət Heyətinin serbiyalı sabiq üzvü, ölkənin sabiq xarici işlər naziri Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIV Qlobal Bakı Forumunun elanı və GPA jurnalının 12-ci buraxılışının təqdimatı mərasimində deyib.
“Dünyada demək olar ki, hər şeyin mənfiyə doğru getdiyi bir dövrdə biz bu nadir pozitivliyə sahibik. Bu gözəl aura, bəlkə də Bakı Forumunun mümkün olan ən yaxşı təbliği və vizit kartıdır. Ümid edirəm ki, hamımız gələn il növbəti Qlobal Bakı Forumunun daha uğurlu keçməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Buna tamamilə nail olacağımıza və növbəti uğura imza atacağımıza qətiyyən şübhə etmirəm", - deyə M.İvaniç əlavə edib.