SİYASƏT
MM-in deputatı Qənirə Paşayeva Rauf Denktaşla vida mərasimində iştirak etmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) qurucu, lideri və ilk prezidenti Rauf Denktaşla vida mərasimində iştirak etmişdir. Q.Paşayeva Yakın Doğu Universitetində təşkil olunmuş vida tədbirində mərhumun həyat yoldaşı Aydın xanıma, oğlu ŞKTC parlamentinin deputatı Demokrat Partiyasının sədri Sərdar Denktaşa, qızına və yaxın qohumlarına başsağlığı vermişdir. MM-in deputatı bildirmişdir ki, bu itki, ŞKTC vətəndaşları kimi, azərbaycanlıları da eyni dərəcədə üzmüşdür. Rauf Denktaşın vəfatı, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün türk millətinin hüznüdür. Türk dünyası onun xidmətlərini heç vaxt unutmayacaqdır.
Q.Paşayeva Universitetdə qoyulmuş xatirə kitabına Rauf Denktaş haqqında ürək sözlərini də yazmışdır.