İQTİSADİYYAT
Möhsün Pakayin: İran ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafı iki ölkənin də gəlirlərini artıracaq

Tehran, 31 yanvar, AZƏRTAC
İran ilə Azərbaycan Respublikası arasında nəqliyyat əlaqələrinin artırılması iki ölkənin də gəlirlərini artıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
O bildirib ki, İran və Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən əsas ölkələrdir. Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən avtomobil və dəmir yolu məhz bu iki ölkənin ərazisindən keçir.
Keçmiş səfir diqqətə çatdırıb ki, hər iki dövlət yüklərin tranzit daşımalarını artırmaq üçün bir sıra layihələr həyata keçirirlər. Bunlardan Astaraçay üzərində yeni körpünün inşa olunması, Rəşt-Astara dəmir yolunun tikilməsi, Astarada dəmir yolu terminalının inşasının başa çatdırılması, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətinin bərpa olunması hər iki ölkənin büdcəsinə valyuta daxil olmalarını artıracaq.
M.Pakayin xüsusilə qeyd edib ki, 35 kilometrlik Rəşt-Ənzəli dəmir yolu tikilərək istifadəyə verilərsə, İran, Azərbaycan, Rusiya və digər Xəzəryanı ölkələr arasında dəniz yükdaşımaları da artacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran