SİYASƏT
Moldova KİV-ləri Prezident İlham Əliyevin Milli Şəhərsalma Forumunda çıxışına geniş yer ayırıb




Kişineu, 30 sentyabr, AZƏRTAC
Moldovanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Noi”, “Timpul”, “Realitatea”, “Rupor” və digər xəbər portallarına rumın və rus dillərində dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin Qarabağda görülən quruculuq işləri, Ermənistan ilə bağlı fikirləri oxuculara çatdırılıb.
Məqalələrdə Prezident İlham Əliyevə istinadla qeyd olunur: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar Azərbaycanın ərazilərinin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və məlum idi ki, Ermənistan bunu istəmir. Onlar status-kvonu əbədi saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı daim öz nəzarətində saxlamaq istəyirdilər”.
Həmçinin vurğulanıb ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün Azərbaycanın planlaşdırdığı minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.
Bildirilib ki, Azərbaycan Qarabağda erməni əhalisinin hüquqlarını təmin edəcək. Artıq Azərbaycan ermənilərə bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışını təqdim edib. Onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun həyata keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu