SİYASƏT
Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib
Kişineu, 15 oktyabr, AZƏRTAC
Moldovanın “Point.md” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbuletmə mərasimində söylədiyi fikirlərə dair məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlətimizin başçısının sülh sazişinə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair fikirləri yer alıb.
Yazıda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev mübahisəli məsələləri həll etmədən Ermənistanla sülh sazişinin imzalanması variantını tamamilə qeyri-real adlandırıb. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sazişin bağlanması üçün razılaşdırılmış məzmun kifayətdir. Hökumət başçısı vurğulayıb ki, sülh sazişinin bütün bəndləri eyni əhəmiyyətə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev Ermənistan hökumətinin bununla bağlı təklifini qəribə və tamamilə real olmayan hesab etdiyini bildirib”.
Məqalədə, həmçinin İlham Əliyevin Avropa İttifaqının region dövlətlərinə münasibətinə dair mövqeyi də işıqlandırılıb. Dövlətimizin başçısının sitatlarına istinadla qeyd olunub ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyası”nın müddətinin Azərbaycanın razılığı olmadan, hətta məsləhətləşmədən uzadılmasıdır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu