REGİONLAR
“Molokan ruhani-xristian” dini icmasının sədri: Haqlı mübarizədə Ali Baş Komandanımızın və Azərbaycan xalqının yanındayıq
Qobustan, 1 oktyabr, Adil Ağayev, AZƏRTAC
Ermənistan ordusu insanlıqla bir araya sığmayan pis xislətlərini bir daha nümayiş etdirərək yaşayış məntəqələrini dağıtmaqda, dinc insanları öldürməkdə davam edirlər. Ermənistanın hərbi-siyasi dairələrinin bu hərəkəti bütün Azərbaycan xalqını, o cümlədən vətəndaşlarımız olan etnik azlıqları da bərk hiddətləndirir və onlar hər yerdə həmrəylik nümayiş etdirirlər.
Qobustan rayon Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının sədri Tsapleva Yekaterina Nikolayevna AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Biz molokan əhalisi uzun illərdir Qobustan rayonunda yaşayırıq və daim qardaş azərbaycanlıların və Azərbaycan dövlətinin diqqət və qayğısının əhatəsindəyik. Bu ölkə, hər bir azərbaycanlının olduğu kimi, bizim də doğma vətənimizdir. İşğal altında olan torpaqlarımızın bir hissəsinin artıq geri qaytarıldığını eşidəndə buna çox sevindik. Biz - “Molokan ruhani-xristian” dini icmasının üzvləri bu haqlı mübarizədə öz dualarımızla daim Ali Baş Komandanımızın və Azərbaycan xalqının yanındayıq. Ermənistan ordusu yaşayış məntəqələrimizi dağıtmaqdan və dinc insanları öldürməkdən əl çəkməlidir. Dünya bu barbarlığa göz yummamalıdır”.