REGİONLAR
Möminə Xatun türbəsinin ilkin bərpa layihəsi hazırlanıb
Naxçıvan, 13 dekabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatun türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə müqavilə bağlanmış Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi Çingiz Neymanzadə ilə muxtar respublikanın Mədəniyyət Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və nazirliyin müvafiq sahə üzrə əməkdaşları iştirak ediblər. Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar, məlumatlar çap və elektron versiyada təqdim edilib. Bildirilib ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.
Həsən Seyidov qeyd edib ki, Möminə Xatun türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir. Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.
Şirkətin rəhbəri Erich Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb. Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağı qeyd olunub.
Görüşdə bərpa layihəsinə dair digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.