MOSKVA DOSTLARINI QARŞILAYIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, “RİA Novosti” agentliyində mayın 27-dən iyunun 3-dək “Şəfqət vaxtıdır” devizi altında keçiriləcək “Moskva dostları qarşılayır” V Beynəlxalq festivalına həsr edilmiş mətbuat konfransı olmuşdur. Görüşdə Beynəlxalq Xeyriyyə Fondunun prezidenti Vladimir Spivakov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış uşaq həkimi Leonid Roşal, Moskva Hökumətinin nümayəndələri və başqaları iştirak etmişlər.
Festivalın təşkilatçıları və dostları tədbirin əhəmiyyətindən danışaraq bildirmişlər ki, festival bəşəriyyətin şər qüvvələrlə, mənəviyyatsızlıq və zorakılıqla mübarizəsində incəsənətin həqiqi yaradıcı və birləşdirici gücünü əks etdirən vacib və qlobal hadisədir. Bildirilmişdir ki, festival artıq beşinci ildir keçirilir və həmin müddətdə burada dünyanın 60 ölkəsindən 6 mindən çox gənc istedad iştirak etmişdir.
Tanınmış musiqiçi Vladimir Spivakov festivalı dəstəkləyən insanlara minnətdarlığını bildirərək qeyd etmişdir ki, hər il müxtəlif ölkələrin və xalqların yeni-yeni istedadları üzə çıxır.
Festivalın beynəlxalq əhəmiyyətini vurğulayan səfir Polad Bülbüloğlu onun MDB ölkələri üçün vacib olduğunu qeyd etmişdir. Səfirin sözlərinə görə, bu festival dünyaya pəncərə açır, gənclərə Moskvada olmaq, öz istedadlarını göstərmək, başqalarına baxmaq imkanı verir. P.Bülbüloğlu xüsusi vurğulamışdır ki, V.Spivakov kimi dünyamiqyaslı musiqiçinin bu işlə məşğul olması uşaqların qarşısında geniş imkanlar açır və hamı bunu minnətdarlıqla qəbul edir. Səfir P.Bülbüloğlu demişdir: “Bu, olduqca əhəmiyyətli hadisədir, çünki biz ayrı-ayrı ölkələrdə yaşayırıq, bizim nəsil bir-birini yaxşı tanıyır, gələcək nəsil isə, ola bilsin, bir-birini tanımayacaqdır. Hələ ki biz varıq bunun təməlini, əsasını qoymaq lazımdır ki, gələcək nəsillər ənənələri itirməsinlər, bir-birinin mədəniyyətindən xəbərdar olsunlar, öyrənsinlər, yaxınlaşsınlar. Əsas odur ki, festival dostluq, uşaq səmimiyyəti ab-havası yaradır və bu, uşaqlar üçün böyük xoşbəxtlikdir”.