DÜNYA
MOSKVADA MDB ÖLKƏLƏRİ HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ QURULTAYI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 14-də Moskvada Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) VI qurultayı keçiriləcəkdir. Tədbirdə MDB-nin 9 ölkəsinin milli həmkarlar ittifaqları mərkəzlərinin və 31 beynəlxalq sahə həmkarlar ittifaqları birliklərinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin başçılığı ilə nümayəndə heyəti təmsil edəcəkdir.
ÜHİK-in İctimaiyyətlə əlaqə mərkəzinin rəhbəri Pavel Çebotaryov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirdə əvvəlki qurultayın qərarlarının həyata keçirilməsi barədə hesabat dinlənəcək, Konfederasiyanın 2007-2012-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri, habelə təşkilati məsələlər müzakirə olunacaqdır.
P.Çebotaryov vurğulamışdır ki, Konfederasiya MDB ölkələrində zəhmətkeşlərin sosial-əmək hüquqları və mənafelərinin müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyətinin birləşdirilməsi, beynəlxalq həmkarlar ittifaqları həmrəyliyinin möhkəmləndirilməsi məqsədi ilə könüllülük əsasında yaradılmış regional beynəlxalq həmkarlar ittifaqları birliyidir. ÜHİK MDB ölkələrinin milli həmkarlar ittifaqları mərkəzlərini və təxminən 53 milyon üzvü olan həmkarlar ittifaqlarının 31 beynəlxalq sahə birliyini birləşdirir.