MOSKVADA XƏZƏR ENERGETİKA FORUMU-2008 KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 16-da Moskvada, Beynəlxalq Ticarət Mərkəzində Xəzəryanı ölkələrin hökumət başçılarının zirvə görüşünə həsr edilmiş Xəzər Energetika Forumu - 2008 keçiriləcəkdir.
Forumun təşkilatçıları RF Ticarət-Sənaye Palatası, Rusiya Elmlər Akademiyası, “Roskon” İnformasiya Konsaltinq Mərkəzi” MMC, “İnterforum” qeyri-kommersiya tərəfdaşlığıdır.
Forumun məqsədi Xəzər regionunda enerji təhlükəsizliyinin təmin edilməsi, energetika sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsi, habelə hüquqi statusun və qiymət siyasətinin müzakirə olunmasıdır.
Forumun proqramında Xəzər hövzəsi dövlətlərinin energetika sahəsində inkişafı strategiyalarının uyğunlaşdırılması, o cümlədən istehsal, emal və generasiya qurğularının, neft və qaz strukturunun inkişafı, investisiya proseslərinin sürətləndirilməsi, habelə mövcud razılaşmaların reallaşdırılması və onların iqtisadiyyatın inkişafı və regionun ekoloji təhlükəsizliyinin təmin edilməsi baxımından təkmilləşdirilməsi üzrə təklifləri müzakirə etmək nəzərdə tutulmuşdur.
“Xəzər regionu dövlətlərinin energetik inkişafının strategiyası” mövzusunda sessiya çərçivəsində Xəzərin nefq-qaz kompleksinin inkişafında karbohidrogen istehsalçıları və istehlakçıları olan ölkələrin qarşılıqlı əlaqələri, beynəlxalq qurumların rolu və Xəzər regionunun sabit energetik inkişafının təmin edilməsi, qaz ixrac edən ölkələrin energetika sahəsində qlobal və regional əməkdaşlığı, Xəzərin neft-qaz kompleksinin sabit inkişafının təmin edilməsində Rusiyanın mövqeyi, Mərkəzi Asiyada Rusiya, Qazaxıstan və Türkmənistan arasında qaz üzrə üçtərəfli razılaşmalara əsasən Mərkəzi Asiyada ən böyük qaz-nəqliyyat infrastrukturunun yaradılması məsələləri müzakirə olunacaqdır.
Foruma Xəzər regionu ölkələrinin energetika nazirləri dəvət olunmuşdur.
Tədbirin proqramına işgüzar görüşlər, məruzələr, səmərəli, qənaətli və ekoloji baxımdan təmiz texnologiyaların təqdimatı daxildir. Danışıqların yekunlarına əsasən, niyyət sazişlərinin imzalanacağı planlaşdırılır.