Mötəbər beynəlxalq yarışlara ev sahibliyi etmək Azərbaycanın güclü dövlət olmasından xəbər verir

AZƏRTAC xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına xüsusi diqqət göstərdiyini bildirib. O, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın mötəbər turnirlərdə qazandıqları nailiyyətlər, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən danışıb. Qonağa, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev ölkəmizdə güləşin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyev deyib ki, dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Federasiyanın rəhbərliyi də idmanın bu növünün inkişafı üçün səylərini əsirgəmir. Paytaxtla yanaşı, regionlarda da güləşçilər üçün hər cür şərait yaradıb. Bütün bunlar gələcəkdə beynəlxalq turnirlərdə, o cümlədən birinci Avropa və Olimpiya oyunlarında yüksək nəticələr qazanmağımıza zəmin yaradacaq.
Dəvətə görə minnətdarlığını bildirən B.Saytiyev deyib ki, Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı üçün hər cür şəraitin yaradılması məni sevindirir. Xüsusilə də dövlət tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı, mötəbər beynəlxalq yarışlara, Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Güləşçilərinizin qazandıqları uğurları böyük maraqla izləyirəm. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında medalların sayının get-gedə artması inkişafın bariz nümunəsidir.
Görüşdən sonra B.Saytiyev Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərdən bir neçəsi ilə tanış olub.