DÜNYA
Müdafiə naziri Anatoli Nosatiy: Moldova hücuma məruz qalarsa, ölkənin bütün silahlı qüvvələri dövlətin müdafiəsinə cəlb olunacaq
Kişineu, 2 iyun, AZƏRTAC
Hazırda Moldovada müharibənin genişlənməsi riski yoxdur, lakin bu baş verərsə, o zaman ölkənin bütün silahlı qüvvələri dövlətin müdafiəsinə cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldovanın müdafiə naziri Anatoli Nosatiy yerli “Jurnal” telekanalının verilişində söyləyib.
“Gəlin şişirtməyək ki, böyük ordu var və sair. Aydındır ki, nə isə olarsa, bütün ordu Moldovaya tərəf gəlməyəcək. Gördüyümüz kimi, Rusiya Federasiyasının silahlı qüvvələri kifayət qədər geniş cəbhə boyu səpələnib”, - deyə müdafiə naziri əlavə edib.
Nazirin sözlərinə görə, Moldova hücuma məruz qalmayıb və əgər ölkəsi hücuma məruz qalarsa, o zaman milli müdafiə sisteminin bütün qüvvə və vasitələri dövlətin müdafiəsi üçün istifadə olunacaq.
Anatoli Nosatiy, həmçinin bəyan edib ki, Ukraynanın Nikolayev və Odessa vilayətləri birbaşa hərbi əməliyyatlar təhlükəsi altında olmadığı müddətcə Moldova təhlükəsizdir.
“Hesab edirəm ki, biz diqqətlə izləməliyik və bu istiqamətdə irəliləmə əlamətləri olarsa, bəzi hərəkətlərimizi dəyişdirməli və Moldova ərazisinə təsir edəcək potensial ssenarilərə cavab vermək baxımından daha fəal olmalıyıq. Biz çalışırıq ki, bu sahədə ekspertlərlə məsləhətləşək, vətəndaşları məlumatlandırmaq üçün düzgün mesajlar hazırlayaq və ən əsası düzgün hərəkət edək”, - deyə nazir bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu