Müdafiə Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri ilə hərbi mövzuda xəbər hazırlayan jurnalistlər arasında görüş keçirilib






Bakı, 12 aprel, Göyçək Mahmudlu, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri, Medianın İnkişafı Agentliyinin nümayəndələri və hərbi mövzuda xəbər hazırlayan, yazılar yazan jurnalistlər arasında görüş keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın, həmçinin şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, yeni qoşun növlərinin, komando idarəetmə mərkəzlərinin yaradılması barədə məlumat verib. Polkovnik kommunikasiya sahəsində operativliyin artırılması barədə həyata keçirilən tədbirlər barədə məlumat verərək deyib: “Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında sıx əlaqə mövcuddur. Nazirlik Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər, o cümlədən mövqelərimizə qarşı təxribatlar barədə, ictimaiyyətə çatdırılması məqsədəuyğun hesab edilən məlumatların operativ şəkildə yayımlanmasını təmin edir. Mətbuat orqanları həmin xəbərlərin cəmiyyətə vaxtında çatdırılmasında nazirliyə dəstək olur. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, biz hələ də təxribatlar və dezinformasiyalarla üzləşirik. Odur ki, yalnız rəsmi məlumatların yayımlanması, çəkilişlər zamanı "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməsi mühüm əhəmiyyət kəsb edir. Bugünkü görüş də media nümayəndələrinin bu barədə bir daha məlumatlandırılması, onlara çəkilişlər zamanı hansı məqamlara diqqət yetirilməsinin vacibliyinin, hərbi sahədə dövlət sirləri təşkil edən məlumatların yayılmasına yol verilməməsi, qarşısının alınması və birgə mübarizə aparılmasının zəruriliyinin çatdırılması məqsədilə təşkil edilib”.
Daha sonra Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları polkovnik Günel Abbasova, polkovnik Tural Manıyev, dövlət qulluqçusu Elxan Quliyev çıxış edərək media subyektləri ilə işin təşkili, müsahibə, reportaj, hərbi vətənpərvərlik mövzularında verilişlərin hazırlanması zamanı əməl edilməsi vacib olan qaydalar, dövlət sirrini təşkil edən məlumatlar, həmin məlumatların yayılması zamanı qanunvericiliklə tətbiq edilən cəza üsulları, vətəndaşların müraciətləri ilə iş barədə ətraflı məlumat veriblər. Ordu quruculuğu prosesinin davam etdiyini qeyd edən çıxışçılar Müdafiə Nazirliyi tərəfindən media qurumlarına bununla bağlı çəkilişlərin aparılmasına şərait yaradıldığı, həmçinin ötən il müxtəlif əlamətdar günlər ərəfəsində 13 mediaturun təşkil edildiyini diqqətə çatdırıblar. Həmçinin ötən il Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Vətəndaşların müraciətləri ilə iş bölməsinə 68 min 51, bu ilin yanvar-mart ayları ərzində isə 18 min 47 müraciətin daxil olduğu bildirilib, vətəndaş müraciətlərinin cavablandırılması işinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması məqsədilə tədbirlərin görüləcəyi vurğulanıb.
Milli Müdafiə Universitetinin nümayəndəsi Orxan Qarayev isə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi təhsil müəssisələrinə qəbul prosesi barədə təqdimatla çıxış edib.
Görüş zamanı media subyektləri ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, səmərəliliyin artırılması məqsədilə perspektiv planlar müzakirə olunub.
Tədbirin yekununda media nümayəndələrinin sualları cavablandırılıb, birgə əməkdaşlığın inkişafına dair təklifləri dinlənilib.