Müəllim və tələbələr fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə yanvarın 29-da Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-dən AZƏRTAC bildiriblər ki, tədbir müəllimlərin və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydalarına dair biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə keçirilib.
Toplantıda Mərkəzin əməkdaşlarının “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Torpağı sürüşməsi”, “Nəqliyyat qəzaları” və “112 - “qaynar xətti” mövzularında məruzələri dinlənilib, videoçarxlar nümayiş olunub.
Sonda mövzuya dair suallar cavablandırılıb.