Müəllimlər şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllimi "Mobicom" MMC-də istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb. Həmin tələbələr ADNSU-da informasiya texnologiyaları və sistem mühəndisliyi və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alırlar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təcrübə prosesini müşahidə edən nümayəndələr şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
"Mobicom" MMC-nin rəhbərliyi ilə təcrübə prosesi barədə müzakirələr aparan ADNSU-nun nümayəndələrinə tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsi üçün görülən işlər haqqında məlumat verilib. Görüşdə, həmçinin buraxılış işi mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları məsələləri müzakirə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.