REGİONLAR
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu dördzolaqlı olacaq – Tikinti yerindən reportaj FOTO VİDEO
Ağsu-İsmayıllı, 3 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olan, paytaxtımızı şimal-qərb rayonları ilə birləşdirən ən qısa yolun - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
Ötən əsrin 70-ci illərində salınmış ikizolaqlı yol dördzolaqlı olmaqla yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Asim Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihələndirilən yolun 4,5-ci kilometrliyində, Ağsu çayı üzərində 1195 metr uzunluqda və 76,5 metr hündürlüyündə asma körpünün inşası üzrə ümumilikdə işlərin 39,6 faizi yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələri inşa icra olunur.
Ağsu çayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Burada tunelin giriş hissəsinin inşası yekunlaşıb, çıxış hissəsində isə tikinti davam edir. Burada qazma işləri, giriş hissəsinin xüsusi troslar vasitəsilə qrunta bərkidilməsi yekunlaşıb. Giriş və çıxış hissələrində yamaclar bərkidilir. Tuneldə isə qazma işlərinin 33,8 faizi yerinə yetirilib.
Asim Məmmədlinin sözlərinə görə, ilk 14 kilometrlik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan ərazidir. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Səkkiz yerdə ümumi uzunluğu 4 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi icra olunur.
Bu yolun tikintisi başa çatdıqdan sonra bölgədə turizmin inkişafına da böyük töhfə olacaq. Həmçinin yolun ümumi uzunluğu 10 kilometrə qədər qısalacaq.
Artıq yolda əsas işlərin tamamlandığı hissələrə asfalt döşənir. Digər yerlərdə isə torpaq işləri icra olunur, hərəkət hissəsi genişləndirilir, yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra edilərək yeni yol yatağı salınır, istinad divarları və suötürücü borular tikilir. İyirmi kilometrə yaxın hissədə torpaq yatağının inşası başa çatıb.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 21 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzərində yerləşən 3 körpü isə 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi başa çatıb. Digər körpülərin inşası üzrə işlər davam edir.
Qeyd edək ki, ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.