İQTİSADİYYAT
Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat vermişdir
Sumqayıt, 28 yanvar (AZƏRTAC). Sumqayıt şəhərində yerləşən H.Quliyev adına Çaytumas məktəb liseyində Qubadlı rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, nümayəndəliyin hesabat məruzəsində inzibati ərazi dairəsi üzrə 2013-cü ilin yekunları təhlil edilmiş, sakinlərin kommunal şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərdən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından söhbət açılmışdır.
Hesabat məruzəsində və müzakirələr zamanı rayonda görülən işlərə də münasibət bildirilmiş, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün görülən əsaslı tədbirlərdən danışılmışdır.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidentinin uğurlu siyasəti və ölkədə aparılan islahatlar nəticəsində 2013-cü ildə də dinamik inkişaf xətti qorunub saxlanılmışdır. O demişdir ki, ölkədə bir çox müəssisələr tikilmiş, nəticədə işsizlik səviyyəsi minimum həddə endirilmiş, əhalinin pul gəliri artmışdır. Bütün bunlar məcburi köçkünlərin həyat səviyyəsinə də müsbət təsir göstərmişdir. İcra hakimiyyətinin başçısı dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində doğma torpağa qayıdacaqlarına əmin olduğun bildirmişdir.
M.İsaqov vurğulamışdır ki, dövlət başçısının Fərman və sərəncamlarından, yerli icra hakimiyyətləri haqqında Əsasnamədən irəli gələn vəzifələrin yerinə yetirilməsi icra nümayəndəliklərinin qarşısında başlıca vəzifə kimi durur və nümayəndələr bu istiqamətdə işlərini daha da gücləndirməlidirlər.