İQTİSADİYYAT
Müsabiqə iştirakçısı: Mən Xəzərin suyunun keyfiyyətinin dəyişməsinin, onun çirklənməsi və dayazlaşmasının sahil meşələrinə təsirini öyrənirdim
Bakı, 27 noyabr, AZƏRTAC
Mən süni intellektdən fəal şəkildə istifadə olunduğu yüksək enerji fizikası sahəsində çalışıram. “Linkedin”də “Azərkosmos”un belə maraqlı müsabiqə keçirdiyini görəndə düşündüm ki, bu texnologiyadan orada fəal şəkildə istifadə etmək olar. Sonda iştirakçı kimi qeydiyyatdan keçməyə qərar verdim və bu gün layihəm müsabiqədə ikinci yeri tutdu.
Bu sözləri mükafatlandırma mərasimindən sonra “Azərkosmos” müsabiqəsində ikinci olmuş Moskva Dövlət Universitetinin Bakı filialının fizika fakültəsinin ikinci kurs magistri Rüstəm Əzimzadə AZƏRTAC-a müsahibəsində deyib.
“Mən Xəzər dənizinin suyunun keyfiyyətindəki dəyişikliklərin, onun dayazlaşmasının və çirklənməsinin yaxınlıqdakı ağacların və sahilyanı meşələrin sağlamlığına necə təsir etdiyini öyrənmişəm. Araşdırmanın nəticələrinə əsasən, bu təsirin yumşaldılması üçün bəzi tədbirlər görülməsini təklif etmişəm və çox güclü korrelyasiya (statistikadakı müxtəlif göstəricilər arasında əlaqə – red.) aşkar edilib. Məsələn, suyun duzluluğu dayazlaşmaya və dənizin çirklənməsinə çox güclü təsir göstərir.
Biz təklif etdik ki, sahil xəttinin tam sərhədində vegetativ zonalar yaradılsın və onların sağlamlığını süni şəkildə qoruyaq. Onlar meşələrə çatmazdan əvvəl çirkləndiriciləri qəbul edə biləcək və bu mənfi amillər meşə sağlamlığına təsir etməyəcək. Layihəmi “Python”da inkişaf etdirdim və o, başqa kontekstlərdə də həyata keçirilə bilər. Monitorinqlə fəal məşğul olmaqla çirklənmənin ən çox pik həddə çatdığı əraziləri müəyyən etmək və həmin yerlərdə bu vegetativ zonaları yaratmaq olar”, - deyə müsabiqə iştirakçısı bildirib.