MÜSAVAT PARTİYASININ SABİRABAD RAYON TƏŞKİLATI ÖZÜNÜ BURAXMIŞDIR
MÜSAVAT PARTİYASI SABİRABAD
RAYON TƏŞKİLATI ŞURA ÜZVLƏRİNİN,
ÖZƏK TƏŞKİLATLARI SƏDRLƏRİNİN VƏ SIRAVİ ÜZVLƏRİN BƏYANATI
Oktyabrın 15-də ölkəmizin hər yerində olduğu kimi, Sabirabadda da prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində keçmişdir. Seçkilərdə heç bir qanun pozuntusuna yol verilməmiş, səsvermənin demokratik, şəffaf və ədalətli olması təmin edilmişdir.
Lakin baş nazir İlham Əliyevin parlaq qələbəsi digər namizədlərin, xüsusən İsa Qəmbərin ciddi qısqanclığına səbəb olmuşdur. Bizim partiyanın başqanı və onun ətrafındakılar hakimiyyəti zorakılıqla tutmaq fikrinə düşdülər. Oktyabrın 15-16-da Bakı şəhərində törədilən iğtişaşlar İsa Qəmbərin nəinki prezident seçkilərində, həm də siyasət aləmində məğlubiyyəti olmaqla yanaşı, zənnimizcə, bütövlükdə Müsavat Partiyasının siyasi iflasıdır. Biz bu bəyanatı imzalayan 102 nəfər müsavatçı Bakıda törədilmiş iğtişaşları dövlətçiliyimizə, xalqımızın milli mənafeyinə vurulan ən ağır zərbə hesab edirik. Tələb edirik ki, həmin hadisələrin təşkilatçıları və icraçıları cinayət məsuliyyətinə cəlb olunsunlar.
Dövlətimizə və milli mənafeyimizə xəyanət yolu tutmuş bir partiyada qalmağa lüzum görmədiyimiz üçün onun sıralarını tərk edir, Müsavat Partiyasının Sabirabad rayon təşkilatının buraxıldığını bildiririk.