CƏMİYYƏT
Müşavir: VII Robot Olimpiadası gənclərin texnoloji biliklərini daha da inkişaf etdirmələri üçün böyük imkanlar yaradır
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün açılış mərasimi olan, yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının keçirilməsində əsas məqsəd gənclərin robot texnologiyaları sahəsində bacarıqlarını inkişaf etdirmək, komanda işini təşviq etmək və innovativ düşüncəni dəstəkləməkdir. Həmçinin belə olimpiadalar gənclərin motivasiyasını artırmaqla yanaşı, texnoloji biliklərini daha da inkişaf etdirmələri üçün böyük imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müşaviri Ramin Cabbarov jurnalistlərə açıqlamasında deyib.
R.Cabbarov bildirib ki, bugünkü robot olimpiadasının qalibləri daha sonra beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar: “Ötən illərə nisbətən olimpiadada iştirak edən komandaların sayı getdikcə artır. Belə ki, bu il 20 bölgədən 160-dan çox komanda iştirak hüququ qazanıb. Bu gün 525 gənc finalda qələbə uğrunda mübarizə aparır. Gənclər üç yaş kateqoriyasında beş müxtəlif mövzu üzrə yarışırlar. Layihələrini təqdim edənlər ölkəmizi müxtəlif kateqoriyalarda təmsil edəcəklər. Bəzi kateqoriyalarda daha öncədən hazırlanmış layihələr dəyərləndirilir, həmçinin gənclər xüsusi xəritələr üzərində ilk dəfə görəcəkləri tapşırıqları yerinə yetirməlidirlər. Bu gün həmin gənclər robotlarına güvənərək tapşırıqları düzgün yerinə yetirməlidirlər ki, qalib ola bilsinlər. Sonda isə qaliblərin müəyyənləşməsi və mükafatlandırılması mərasimi keçiriləcək”.