MÜXALİFƏT PARTİYALARININ BAKIDA TÖRƏTDİKLƏRİ İĞTİŞAŞLARLA ƏLAQƏDAR SAATLI RAYON İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİ YIĞINCAĞININ BƏYANATI
Seçkilərdə Azərbaycan özünü ən yüksək tələblərə cavab verən, demokratik, qanunun aliliyinə, insan hüquqlarına hörmət edən bir dövlət kimi tanıtdı. Prezident seçkilərində çox fəal iştirak edən xalq radikal müxalifətin bütün planlarını puça çıxardı. Dünyanın əksər ölkələrinin, beynəlxalq təşkilatların, demokratik təsisatların, habelə Azərbaycanın siyasi partiyalarının müşahidəçiləri tərəfindən diqqətlə izlənən prezident seçkiləri sübut etdi ki, xalqımız öz gələcəyini, müstəqil, demokratik bir dövlətinin əbədiliyini Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı, xalqımızın vətənpərvər və qeyrətli oğlu İlham Əliyevə səs verməklə ifadə etmişdir.
Saatlı rayon ictimaiyyəti tam əmindir ki, xalqın böyük dəstəyini almış, azad, demokratik və ədalətli seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev respublikanın işıqlı sabahını təmin edəcək, xalqın sıx birliyi və həmrəyliyinə nail olacaqdır.
Yığıncaq iştirakçıları təəssüflə bildirir ki, Müsavat və “Bizim Azərbaycan bloku”na daxil olan digər müxalifət partiyalarının rəhbərləri seçkilərin nəticələri elan olunmamış, məğlubiyyətlərini əvvəlcədən görərək oktyabrın 15-16-da öz tərəfdarlarını Bakının küçələrinə çıxarmış, iğtişaş və qarşıdurmaya səbəb olan hərəkətlərə təhrik etmişlər.
Bakı şəhərinin küçələrində ictimai asayişi kobud surətdə pozaraq dinc əhaliyə, xidməti vəzifəsini yerinə yetirən polis işçilərinə, jurnalistlərə, qadın və körpələrə qarşı insanlığa yaraşmayan hərəkətlər etmiş, yüzlərlə adama xəsarət yetirmiş, əsl vandalizm törətmişlər. Ən dəhşətlisi budur ki, bütün bu hərəkətlər partiya liderlərinin təhriki və çağırışı ilə onların gözü qarşısında baş vermişdir.
İsa Qəmbər, Rəsul Quliyev, İqbal Ağazadə, Arif Hacıyev, Rauf Arifoğlu və onların tərəfdarlarının bu qanunazidd, qeyri-insani hərəkətləri bütün Azərbaycan xalqı kimi, biz saatlılıların da qəzəb və hiddətinə səbəb olmuşdur.
Saatlı rayon ictimaiyyəti nümayəndələri yığıncağının iştirakçıları oktyabrın 15-16-da Bakı şəhərində dağıdıcı müxalifət tərəfindən həyata keçirilən bu qanlı aksiyanı və vandalizm aktını qətiyyətlə pisləyir, bunu dövlətçiliyimizə qəsd kimi qiymətləndirir, hadisələrin təşkilatçıları və iştirakçılarının cinayət məsuliyyətinə cəlb olunmasını, Müsavat, “Ümüd”, Azərbaycan Demokrat partiyalarının qanunazidd fəaliyyətlərinə görə qeydiyyatının ləğv olunmasını, onlara xidmət edən üzdəniraq qəzetlərin bağlanmasını respublikanın hüquq-mühafizə orqanlarından tələb edirlər.
Bəyanat Saatlı rayon ictimaiyyəti nümayəndələrinin
28 oktyabr 2003-cü il tarixli yığıncağında qəbul
olunmuşdur.