Muxtar respublikada əhalinin meyvə-tərəvəzlə təminatı diqqət mərkəzindədir

Naxçıvan, 25 avqust, AZƏRTAC
Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədarük başlayan dövrdən bu ili avqust ayının 21-dək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş 1624,89 ton məhsul tədarük olunub. Bunun da 1497,08 tonu kartof, 76,37 tonu soğan, 8,6 tonu alma, 40,04 tonu ərik, 2,8 tonu kələm məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 200,3 tonunun satışı həyata keçirilib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir.
Cari ilin ötən dövrü ərzində istixana komplekslərində 497 ton məhsul istehsal olunaraq istehlak bazarının davamlı təchizatını təmin edib. Bunun 298 tonunu pomidor, 187 tonunu xiyar, 12 tonunu digər tərəvəz məhsulları təşkil edib.
Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 45 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
İstixanalarda yetişdirilən və bazara çıxarılan bütün növ meyvə-tərəvəz məhsullarının təhlükəsizlik göstəricisi olan nitratların yoxlanılması nitrat test vasitəsilə mütəmadi olaraq davam etdirilib, 1250 halda meyvə-tərəvəz məhsullarında nitrat göstəricisi yerindəcə yoxlanılıb.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsində, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.
Naxçıvanda bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatlarının yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar fəaliyyət göstərir.